Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2014-cü ilin sonuna kimi Fransa ilə Yerin müşahidə peyklərinin istifadəsi üzrə birgə kosmik proqramın həyata keçirilməsinə dair sazişin imzalanacağına ümid edir. Bu barədə cümə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bəyan edib.
“Sazişə əsasən, birgə kosmik fəaliyyət proqramı çərçivəsində həm Azərbaycan, həm də Fransanın Yerin müşahidə peyklərinin birgə istifadəsi nəzərdə tutulur”, - deyə nazir bildirib.
Daha əvvəl nazir Ə.Abbasova istinadən məlumat verilib ki, “Azərkosmos” MMC 2014-cü ilin sonuna qədər Fransanın "Airbus Defence and Space" şirkətinin “SPOT 7” Yerin müşahidə peykinə mülkiyyət hüququnu əldə etmək və onun kommersiya istismarına başlamaq niyyətindədir.
Bundan başqa, "Azərkosmos" və "Airbus Defence and Space" arasında imzalanacaq “Strateji əməkdaşlıq haqqında” saziş üzərində iş yekunlaşmaq üzrədir. “Saziş "SPOT 6" və "SPOT 7" peyklərinin birgə istifadəsindən əldə olunan gəlirin bu iki şirkət arasında bölüşdürülməsini, peykin idarəedilməsi və marketinq sahəsində yerli kadrların hazrılanmasını, "Airbus Defence and Space" şirkətinin müasir texnologiyalarının Azərbaycana ixracını və digər məsələləri nəzərdə tutur.
N.Abbasova