Bu gün Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyində Xəzər Strateji İnstitutunun (HASEN) fəaliyyətə başlamasının ikinci ildönümünə həsr olunmuş konfransda Yaxın Şərq və Ukraynada baş verən hadisələrin Xəzər regionunun əhəmiyyətinə təsiri müzakirə mövzusu olub.
Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbirdə çıxış edən iki ölkənin yüksək vəzifəli şəxsləri HASEN-in Xəzər regionu üzrə verdiyi tədqiqat xarakterli töhfələrə, həmin qurumun enerji məsələlərində oynadığı əhəmiyyətli rola, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrinin həyata keçirilməsində Azərbaycan və Türkiyənin sıx əməkdaşlığının əhəmiyyətinə toxunublar.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və HASEN-in baş katibi Haldun Yavaş çıxış ediblər.
Konfransda Türkiyənin Neft-Qaz Korporasiyası (TPAO), "SOCAR Türkiyə", Türkiyə Dövlət Boru Kəməri Şirkəti (BOTAŞ) və TANAP ilə HASEN arasında əməkdaşlığa dair saziş imzalanıb.
Bundan başqa, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən T.Yıldıza Azərbaycanın xatirə medalı təqdim olunub.
Y.Əliyev