Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Başak İnam” sığorta şirkətinin 1 mln. manat məbləğində səhminin əlavə emissiya prospektini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Bu səhmlərin yerləşdirilməsi nəticəsində “Başak İnam” şirkətinin nizamnamə kapitalı 16,66% - 7 mln. manata qədər artacaq.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 200 manat olan 5 min ədəd səhmə bölünüb.
Hazırda “Başak İnam” şirkətinin nizamnamə kapitalı 6 mln. manata bərabərdir.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi şirkətin məcmu kapitalının sığortaçının tələb olunan minimal kapitalına uyğun olmaması ilə əlaqədar noyabrın 4-dən etibarən onun lisenziyasını dayandırıb.
Noyabrın 7-də “Başak İnam”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında səhmdarlar nizamnamə kapitalının mərhələli şəkildə artırılmasını qərara alıblar.
Qərara əsasən, 2014-cü ilin sonuna qədər nizamnamə kapitalı 7 mln. manata, 2015-ci ildə 8 mln. manata, 2016-cı ildə 9 mln. manata çatdırılacaq.
Hazırda Azərbaycanda sığorta şirkətlərin məcmu kapitalına dair minimal tələblər 5 mln. manat təşkil edir.
“Başak İnam” sıgorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir. 2014-cü ilin yanvar-oktyabr aylarında “Başak-İnam” şirkətinin sığorta haqları 2,5 mln. manat, ödənişləri 1,1 mln. manat təşkil edib.
A.Əzizov