SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın 11, Bakının isə 5 rayonunun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar səhər saatlarından 12:00-dək Cəlilabad rayonunun bir hissəsinə, saat 14:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 15:00-dək Sabirabad, Hacıqabul və Kürdəmir rayonlarının bir hissəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Xaçmaz, Tovuz, Qobustan və İsmayıllı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Saat 14:00-dan 18:00-dək isə Masallı rayonunun bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulacaq.
Bakıda səhər saatlarından 15:00-dək Nərimanov və Xətai, işlər başa çatanadək isə Qaradağ, Xəzər və Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranıb.
N.Abbasova