Bakı və Tehran yaxınlaşmağa məhkumdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə politoloq-şərqşünas Zərdüşt Əlizadə İran prezidenti Həsən Ruhaninin bu gün Azərbaycana başlayan rəsmi səfərini şərh edərkən bəyan edib.
“Biz yaxınlaşmağa məhkumuq. İki qonşu xalq, dövlət. Mədəni, mənəvi, dini cəhətdən çox yaxınıq. Qan qohumluğumuz var. Buna görə də yaxınlaşmağa məhkumuq”, - deyə o vurğulayıb.
Z.Əlizadə iki dövlət arasında ən yüksək səviyyədə keçiriləcək danışıqlardan gözləntiləri müsbət adlandırıb.
“Gözləntilər müsbətdir. Çünki bu cür yüksək səviyyəli səfərlər adətən hansısa razılaşdırılmış mövqelər, qərarlar hazırlayan ekspertlərin, diplomatların səmərəli işi ilə əlaqəlidir”, - deyə politoloq vurğulayıb.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani 12-13 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
R.Babayev