Azərbaycanlı alimin tədqiqat işi Böyük Britaniyanın Oksford şəhərində nəşr olunan “Dünya vətəndaşlarının mürəkkəb miqrasiyası” adlı kitaba daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
AMEA Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayevanın “Multikulturalizm plüral modernliklər kimi” (“Multiculturalism as Plural Modernities”) mövzusunda tədqiqat işi dərc edilib.
Son zamanlar aktuallaşan multikulturalizm alimin tədqiqatında müasir mədəniyyətin səciyyəvi xüsusiyyəti nöqteyi-nəzərindən təhlil edilir. Müəllif postmodernizmin kontekstində multikulturalizmin bir sıra modernliklər kimi iki paradiqmanın, ictimai-mədəni şəraitin iki variantı - ənənə və müasirliyin sintezi olaraq dərk edildiyindən bəhs edir. Postmodern şərait multikulturalizmin mənasını genişləndirərək dialoqa tələbatı və onun müasir çoxmədəniyyətli dünyada yanaşı yaşamanın zəruri şərti olduğunu vurğulayır.
R.Rzayeva nəşrin müəllifləri arasında yeganə azərbaycanlı alimdir.
A.Zeydullayeva