Mərkəzi Seçki Komissiyası seçki hüququnun pozulması ilə əlaqədar müraciətlərin dairə seçki komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr olunmuş seminar-müşavirə keçirir. Bu barədə MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin məlumatında deyilir.
Seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində keçirilən tədbirin əsas məqsədi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı, obyektiv və effektiv araşdırılması, həmçinin şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır.
Seminar-müşavirədə “Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması”, “Müraciət etmiş şəxsin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin olunması” və “Seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına dair tələblər” mövzularında təqdimatlar keçiriləcək.
Seminar-müşavirədə 118 seçki dairəsi dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri iştirak edəcək.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək.
R.Babayev