“Qarabağ: folklor da bir tarixdir” kitabının VIII cildi nəşr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Kitab AMEA Folklor İnstitutunun əməkdaşlarının başladıqları Qarabağ layihəsi çərçivəsində işıq üzü görüb.
Layihənin rəhbəri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, materialların toplayıcısı və tərtibçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.
Kitabda Bakı və Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə və Xızı rayonlarında məskunlaşan Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer alıb.
Yeni nəşrdə nəsil-tayfa, əcdadlar, eləcə də ayrı-ayrı kəndlərin təməlini qoyan şəxslər haqqında maraqlı nümunələr verilib. Kitabda yer alan “Yeddi qardaş ilan” haqqında rəvayət, “Üç qardaş” nağılı, “Səməd Vurğunun Kəlbəcər səfəri” ilk dəfə çap olunan nümunələrdir.
Bundan əlavə, “Adam şeytan”, “Musa peyğəmbər və Qara qul”, “Aşıq Alının Türkiyə səfəri” kimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları da yazıya alınıb.
Regiondan yeni süjetlərlə yanaşı, Şıx Səyad kimi yeni personaj da qeydə alınıb. Toplanmış bəzi nümunələr həm də bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir.
A.Zeydullayeva