Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin məhv edilməsi faktını təsdiq edib.
Nazirliyin mətbuat xidməti məlumat verir ki, helikopter cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində vurulub.
Məlumatda qeyd edilir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada üç gün ərzində təxribat xarakterli uçuşlar həyata keçirib.
“Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib”, - deyə məlumatda bildirilir.
Məlumata əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr qarşıdakı əraziyə düşüb.
F.İsazadə