İtaliyanın Kadenabia şəhərində “Avropa geosiyasi kontekstində Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” adlı regional konfrans keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Milli Məclisin deputatları Fuad Muradov və Asim Mollazadə konfransda iştirak etmək üçün noyabrın 13-dən 16-dək İtaliyada səfərdə olacaqlar.
Avropa İdeyalar Şəbəkəsi ilə Konrad Adenaur Fondunun təşkil etdiyi tədbirdə Avropa Parlamentində Xalq Partiyasının vitse-prezidenti Paulo Rangel, Avropa Komissiyasının rəsmi nümayəndələri, hər üç ölkənin təmsilçiləri iştirak edəcəklər.
Regional konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
“Avrasiya bağlılığı və Avropanın enerji təhlükəsizliyi: regional əməkdaşlığın geostrateji uyğunluğu” mövzusu ətrafında müzakirələrdə Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanla bağlı istiqamətlərdən söhbət açacaq.
Azərbaycan, Gürcüstan və Türkiyə ilə əməkdaşlıq imkanlarının araşdırıldığı tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə “Üçtərəfli əməkdaşlıq və Avropa təhlükəsizliyi” məsələsinə dair fikirlərini diqqətə çatdıracaq.
Regional konfransın yekun mərhələsində açıq debat olacaq. İştirakçılar Avropa İttifaqı ilə bu üç ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsi yollarını araşdıracaqlar.
R.Babayev