"AtraBank" 40 mln. manat məbləğində səhmin əlavə emissiyasının yerləşdirilməsinin başa çatma müddətini 2014-cü il dekabrın 30-na qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Xəbər verildiyi kimi, “AtraBank" nizamnamə kapitalını 50 mln. 424,8 min manata qədər artırmaq üçün 2013-cü ilin noyabr ayında 40 mln. manatlıq səhmin əlavə emissiyasının yerləşdirilməsinə başlayıb. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 400 manat olan 100 min ədəd səhmə bölünüb. Emissiyanın yerləşdirilməsi 2014-cü ilin noyabr ayında başa çatmalıdır.
“Səhmlərin emissiya prospektində dəyişiklik edilib. Bu dəyişikliyə müvafiq olaraq əlavə emissiyadan səhmlərin yerləşdirilməsi prosesi 2014-cü il dekabrın 30-na qədər başa çatmalıdır”,- deyə BFB-dən bildirilib.
2014-cü il noyabrın 11-nə “AtraBank”ın ödənilmiş nizamnamə kapitalı 36 mln. 468,8 min manat təşkil edir.
“AtraBank”ın nizamnamə kapitalının artırılması banklar üçün kapitala dair minimal tələbləri yerinə yetirməyə imkan verəcək. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, 2015-ci il yanvarın 1-nə qədər respublikada banklar 50 mln. manat səviyyəsində minimal kapitala malik olmalıdırlar.
"AtraBank" ASC 1991-ci ildə yaradılıb. Bankın səhmdarları 30-dan çox fiziki şəxsdir.
A.Əzizov