Bakı və Tehran münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhaninin birgə bəyanatında deyilir.
“Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətməyin və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar”, - deyə çərşənbə günü dövlət başçılarının keçirdiyi danışıqların yekunlarına dair qəbul edilmiş sənəddə qeyd olunur.
Azərbaycan və İran prezidentləri beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirməyə, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bəyan ediblər.
“Yuxarıda qeyd edilənləri nəzərə alaraq, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq ediblər”, - deyə dövlət başçılarının birgə bəyanatında vurğulanır.
R.Babayev