Azərbaycanın ərazisi üzərində Ermənistana məxsus “Mİ-24” tipli hərbi helikopterin vurulmasının nəticələri ilə Bakını qorxutmaq cəhdləri baş tutmayacaq. Azərbaycanın hərbi eksperti, istefada olan general Vladimir Timoşenko belə hesab edir.
“İndi ermənilər nə isə bəyan etməlidirlər. Bəli, onlar təhdidlər səsləndirirlər, ancaq bizi bununla qorxuda bilməzlər. Ermənistanın helikopteri Azərbaycanın ərazisi üzərində vurulub. Bizim təyyarələrimiz Ermənistanın hava məkanını pozmaq niyyətində deyil”, - deyə ekspert Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin helikopterin vurulmasından sonra Azərbaycanı “daha ağır nəticələrin” gözləməsi barədə sözlərini şərh edərkən bildirib.
V.Timoşenkonun sözlərinə görə, “Mİ-24” tipli helikopter Azərbaycanın ərazisi üzərində təxribat xarakterli uçuş həyata keçirib. Və Ermənistan tərəfinin helikopterdə hərbi sursatın olmaması barədə iddialarının indiki vəziyyətdə əsası yoxdur.
“Əgər Ermənistan bir daha buna bənzər cəhd edərsə, o zaman adekvat cavab alacaq. Azərbaycanın ünvanına bunun nəticələri ilə bağlı təhdidlər səsləndirərək, qoy onlar bir daha həmin nəticələrin kimə daha ağır gələcəyi barədə düşünsünlər”, - deyə hərbi ekspert vurğulayıb.
F.Hüseynzadə