ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik əmindir ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar nə Azərbaycan, nə də Ermənistanın marağına cavab verir.
"Dağlıq Qarabağda münaqişənin böyüməsi heç kəsin marağına cavab vermir”, - deyə C.Uorlik özünün "Twitter" səhifəsində yazıb.
Diplomatın sözlərinə görə, tərəflər problemin həll variantı kimi müharibədən imtina etməlidirlər.
“Tərəflər vəziyyətin daha da gərginləşməsinə yol verməməli və müharibədən bir variant kimi imtina etməlidir”, - deyə həmsədr əlavə edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr qarşıdakı əraziyə düşüb. İlkin məlumatlara əsasən, düşmənin məhv edilmiş helikopterində olan 3 erməni hərbçi həlak olub.
F.İsazadə