Bakının Nərimanov rayonunda gözdən əlillər üçün yeni yaşayış binası ilin sonuna qədər təhvil veriləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə yaydığı məlumatda bildirilir.
Gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli yaşayış evində gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.
Eyni zamanda, hazırda ƏƏSMN-in sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Məlumatda deyilir ki, Azərbaycanda gözdən əlillərə xüsusi qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.
Bundan başqa, dövlət başçısının müvafiq sərəncamları ilə cari ildə gözdən əlillərə əlavə sosial dotasiyalar ayrılıb.
R.Babayev