Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ münaqişəsi zonasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuş “Mİ-24” tipli helikopterindəki erməni pilotların cəsədlərinin çıxarılması ilə bağlı əlaqədar strukturlarla danışıqlar aparır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“Cenevrə konvensiyasına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. Komitə əlaqədar orqanlarla dialoq aparır”, - deyə İ.Hüseynova bəyan edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr qarşıdakı əraziyə düşüb. İlkin məlumatlara əsasən, düşmənin məhv edilmiş helikopterində olan 3 erməni hərbçi həlak olub.
F.İsazadə