Cakarta Bakı ilə münasibətlərin inkişafı, o cümlədən enerji resursları məsələləri ilə bağlı birbaşa əlaqələrin yaradılmasına böyük önəm verir. “AzərTAc” dövlət informasiya agentliyinin məlumatına görə, bu barədə İndoneziyanın vitse-prezidenti Yusuf Kala Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevlə görüşündə bəyan edib.
Y.Kala ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, bundan istifadə etməyin önəmini vurğulayıb.
Vitse-prezidentin sözlərinə görə, İndoneziyanın enerji təhlükəsizliyinin yeni hökumətin işində vacib rol oynadığını və ölkəsinin bu sahədə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verdiyini vurğulayıb.
O, İndoneziyada neft hasilatının aparılmasına baxmayaraq, bu həcmin ölkənin ehtiyacını ödəmədiyini və digər dövlətlərdən ixrac olunduğunu qeyd edib. Bununla əlaqədar Y.Kala ölkəsinin bu sahədə Azərbaycanla birbaşa əlaqələrin yaradılmasında maraqlı olduğunu söyləyib.
Öz növbəsində T.Qarayev İndoneziya ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib, münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inandığını söyləyib.
Diplomat həmsöhbətinə Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verib. Y.Kala bildirib ki, rəsmi Cakarta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.
R.Babayev