Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 261,8 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4,872 min sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 10,6 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə axşamı Qax rayonunun Qorağan kəndində sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir təşkil edib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin məlumatında fondun şöbə müdiri Arif Vəliməmmədova istinadən qeyd edilir ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1662 investisiya layihəsinin maliyyələşdirilməsinə 92 mln. manat güzəştli kredit verilib. Bu layihələr çərçivəsində 8,6 minə yaxın yeni iş yeri yaradılıb.
“Tədbir çərçivəsində Qax və ətraf rayonlardan olan 47 sahibkara 892,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər heyvandarlıq, taxılçılıq, arıçılıq, çörək və mebel istehsalı sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Axundov