Nazirlər Kabineti dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin spektrini genişləndirib. Bu barədə “İnterfaks- Azərbyacan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Hökumətin qərarı ilə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"na və "Elektron xidmət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişikliklər təsdiq edilib.
Dəyişikliklərə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin siyahısına daha iki növ elektron xidmət əlavə edilib: avtomobil sahiblərinə avtomobilin axtarışda və ya girovda olub-olmaması barədə arayışın verilməsi; nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi.
Bu qərar DİN, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasında razılaşdırılmış təklif nəzərə alınmaqla qəbul edilib.
N.Abbasova