Bakı Dağlıq Qarabağın separatçı rejiminin davam edən silahlanmasına dünya birliyinin reaksiyasının olmamasından narahatdır.
“Bu məsələ sistematik olaraq beynəlxalq təşkilatların gündəminə çıxarılır. Bu, aydın faktdır ki, Dağlıq Qarabağda çoxlu sayda qeydiyyata alınmayan silah var”, - deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova “İnterfaks-Azərbaycan” agentlyinə müsahibəsində bəyan edib.
“Qanunsuz yolla silah əldə edən Ermənistan elə həmin üsulla da onları Qarabağda yerləşdirir” , - deyə vitse-spiker əlavə edib.
Onun sözlərinə görə, Qarabağ separatçılarının silahlandırılması məsələsi yalnız Azərbaycanı deyil, həm də qonşu ölkələri narahat etməlidir.
“Hesab edirəm ki, yalnız Azərbaycanın mövqeyi bu məsələdə kifayət deyil. Bütün beynəlxalq təşkilatların və bütün, xüsusilə də qonşu ölkələrin nümayəndələrinin reaksiyası zəruridir. Hər bir ölkə, hər bir xalq qonşu ölkədə vəziyyətin normal olmasını istəyir. Separatçı rejimlərin, qanunsuz silahlı qruplaşmaların, qanunsuz fəaliyyətin olması bütün region üçün təhlükədir. Bu səbəbdən hesab edirəm ki, bu problemin həlli təkcə Azərbaycanın maraqlarında deyil. Bu məsələ qonşu ölkələri və bərabər hüquqlu əsaslarla beynəlxalq təşkilatlarda birləşən dövlətləri narahat etməlidir”, - deyə vitse-spiker bəyan edib.
B.Muradova qeyd edir ki, bir sıra ölkələrin neytral mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan bundan sonra da həmin məsələni beynəlxalq təşkilatların gündəminə çıxaracaq.
“Təbii ki, biz bu məsələni qaldırırıq və yenə də qaldıracağıq. Bununla yanaşı, digər ölkələri də bu məsələyə dair narahatlıq ifadə etmələri üçün bizə qoşulmağa çağırırıq. Lakin əfsuslar olsun ki, əksər hallarda həmin çağırışlar cavabsız qalır, çünki hamı düşünür ki, bu məsələnin bilavasitə onun ölkəsinə aidiyyəti yoxdursa, susmaq yaxşıdır”, - deyə B.Muradova bildirib.
O, həmçinin vurğulaylb ki, dünya birliyi gözlərini açmayana qədər bu cür hallar hər zaman davam edəcək.
“Özlərini bizim dostumuz elan edən çoxlu sayda ölkə var, ancaq onlar problemimizə biganə yanaşdılar. Neytral mövqedən çıxış etdilər. Nəticədə onlar Azərbaycanda baş verənləri özlərinin üzərində hiss etdilər. Dünya birliyi nə qədər ki, bu cür problemləri görməzdən gəlir, həmin hadisələr dünyanın digər güşələrində də baş verəcək”, - deyə B.Muradova vurğulayıb.
F.İsazadə