Azərbaycan respublikada akkreditə olunmuş diplomatik korpusa Ermənistana məxsus “Mi-24” helikopterinin vurulmasının təfərrüatları barədə məlumat verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev cümə günü brifinqdə bildirib.
“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son insidentlə bağlı Azərbaycan XİN-in bəyanatı Azərbaycanda akkreditə olunmuş diplomatik korpusa göndərilib. Bundan əlavə, bu bəyanat Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə də göndərilib”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən son görüşündə Fransa prezidenti Fransua Olland münaqişə tərəflərini hərtərəfli sülh danışıqları üzərində işləməyə çağırıb.
“Azərbaycanın da sülh danışıqları üzərində işləməyə çağırdığı bir zamanda Ermənistan təxribat xarakterli addımlar atmaqda davam edir. Ermənistan özünün qeyri-konstruktiv mövqeyinə sadiq qalır”, - deyə o əlavə edib.
H.Hacıyev xatırladıb ki, Azərbaycan hələ 1993-cü ildə işğal edilmiş ərazilər üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və Beynəlxalq Mülki Aviasiya Komitəsinin (ICAO) üzvü olan bütün ölkələri bu barədə məlumatlandırıb.
“Bundan əlavə, 2012-ci ildə ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrə məktub göndərilərək bildirilib ki, Azərbaycanın hava məkanı pozulduğu halda Bakı adekvat tədbirlər görəcək”, - deyə XİN nümayəndəsi qeyd edib.
F.İsazadə