Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada istehlak kreditləşməsinə əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə AMB-nin baş direktoru Rəşad Orucov məlumat verib.
“2014-cü ilin sonuna kimi AMB istehlak kreditləşməsinin tənzimlənməsi üzrə əlavə tədbirlər görəcək. Tələblərin əsas istiqamətlərindən biri borc yükünün vətəndaşların gəlirlərinə uyğunlaşdırılmasıdır. Yəni vətəndaşların gəlirləri onlara borcunu asanlıqla ödəməyə imkan verməlidir. Misal üçün, şəxsin aylıq gəlirinin həcmi və onun hansı hissəsini borcların ödənilməsinə yönəldə biləcəyi müəyyən edilir. Aylıq gəlirin 40-50%-nin bütün boclar üzrə ödənişlərə yönəldilməsi normal səviyyə hesab edilir”, - deyə R.Orucov qeyd edib.
Bundan başqa, o qeyd edib ki, AMB avtokreditləşmə üzrə tələbləri dəyişməyi planlaşdırmır.
“Biz bu məsələyə baxmırıq. Hesab edirik ki, bazar yeni şəraitə uyğunlaşır. Bu səbəbdən həmin məsələ gündəmdə deyil”, - deyə R.Orucov vurğulayıb.
Xəbər verildiyi kimi, cari ilin yanvar ayında AMB istehlak kreditləşməsi, o cümlədən avtokreditləşmə sahələrində banklara tələbləri sərtləşdirib.
A.Axundov