NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay münaqişə zonasında Ermənistana məxsus helikopterin məhv edilməsi ilə bağlı insidentə baxmayaraq, Azərbaycan və Ermənistanı Qarabağ probleminin sülh yolu ilə həllində tərəfdaşlığı qoruyub saxlamağa çağırıb.
“İnsidentin səbəbləri nə olusa olsun, hər iki tərəf sakitliyi qorumalı və münaqişənin diplomatik yolla həllinə tərəfdar olmalıdır”, - deyə Qərb mətbuatı C.Appaturayın sözlərindən sitat gətirib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr qarşıdakı əraziyə düşüb.
KİV-lərin məlumatına əsasən, helikopterin vurulması nəticəsində 3 nəfər həlak olub.
F.Hüseynzadə