2014-cü ilin yanvar-oktyabr aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,6% - 3 mlrd. 972,5 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Bu şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcmi 1 mlrd. 284 mln. 764 min manat və ya bütün investisiyaların 32,3%-ni təşkil edib (artım 4%).
Norveç şirkətləri tərəfindən investisiya qoyuluşları 726 mln. 203,7 min manat həcmində olub (artım 78,01%).
Bundan başqa, yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına Türkiyə şirkətləri 345 mln. 719,4 min manat (artım 42%), ABŞ şirkətləri 323 mln. 882,2 min manat (azalma 22,8%), Fransa şirkətləri 254 mln. 236,2 min manat (artım 2,06 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 111 mln. 560 min manat (azalma 9%), Asiya İnkişaf Bankı 51 mln. 194,7 min manat (artım 36,6%) məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
A.Axundov