Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 1961 müəssisə tərəfindən 16 781 boş (vakant) iş yeri təqdim olunub. Bu aktiv məşğullluq tədbirləri nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onların 80%-i münasib iş yerləri ilə təmin olunub. Tədbirlər zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunanların sayı 419 nəfər, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin sayı isə 250 nəfər təşkil edib.
Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 932 nəfər münasib işlə təmin edilib, 1297 nəfər haqqı ödənilən ictimai işlərə, 2982 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bundan başqa, 74 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.
R.Babayev