Azərbaycanın İsveç Krallığındakı səfiri Adış Məmmədov bu ölkədə yaşayan azərbaycanlı gənclərin ölkənin siyasi həyatında fəal olmalarının zəruriliyini vurğulayıb. Bu barədə “AzərTac” dövlət informasiya agentliyi məlumat verir.
Diplomat bu ölkədə yaşayan azərbaycanlı gənclərin yeni yaratdıqları İsveç-Azərbaycan Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşdə İsveçdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq naminə gördükləri işləri yüksək qiymətləndirib.
Səfir bəzən diaspor təşkilatlarımızın İsveçin reallıqları ilə ayaqlaşa bilmədikləri üçün problemlərlə üzləşdiklərini bildirib. O, bunu həmvətənlərimizin İsveç dilini mükəmməl bilməmələri və hələ də cəmiyyətə tam inteqrasiya olunmamaları ilə əlaqələndirib.
Bu təşkilatın İsveç və Azərbaycan gənclər təşkilatları arasında körpü olacağını qeyd edən A.Məmmədov, eyni zamanda, azərbaycanlı gənclərin İsveçin siyasi həyatında da fəal olmalarının zəruriliyini vurğulayıb.
Görüşdə təşkilatın sədri Mahirə Muxtarova yeni qurumun məqsədi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
F.İsazadə