Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Qax rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Qax rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Axundov