“Azərsu” SC Bakının Badamdar qəsəbəsində su və kanalizasiya sistemlərinin tikintisi üçün podratçı seçir. Bu barədə ASC-nin elanında bildirilir.
Seçim Səudiyyə İnkişaf Fondunun (SİF) Bakıda su və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi əsasında aparılır.
Tenderdə iştirak haqqı 350 manat ($450) təşkil edir.
Tender təklifləri 2015-ci il yanvarın 22-nə qədər qəbul edilir. Tender proseduru da həmin gün baş tutacaq.
Xəbər verildiyi kimi, SİF 2009-cu il noyabrın 20-də Bakıda imzalanmış saziş əsasında Azərbaycana su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə $25 mln. kredit ayırıb.
Kredit vəsaitləri Bakı ərazisində 20-ci sahə, Bibiheybət, Badamdar və Bayıl qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi üçün istifadə olunacaq. Layihə çərçivəsində 72 km uzunluğunda kanalizasiya sistemlərinin çəkilməsi, 2 kanalizasiya nasos stansiyasının inşası nəzərdə tutulur.
Səudiyyə İnkişaf Fondunun kredit vəsaitləri 5 illik güzəşt dövrü ilə 20 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi 2%-dir.
Layihənin ümumi dəyəri $65 mln. məbləğində qiymətləndirilir.
Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə 2000-ci ildən əməkdaşlıq edir. 2003-2013-cü illərdə fond Azərbaycana 4 layihənin həyata keçirilməsi üçün ümumilikdə $65,5 mln. məbləğində vəsait ayırıb.
N.Abbasova