2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% - 5 mlrd. 932 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 44,9%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 4 mlrd. 894,3 mln. manat (artım 28,2%) təşkil edib.
Yanvar-oktyabr aylarında emal sənayesinə 293,3 mln. manat (azalma 66,2%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 249,2 mln. manat (azalma 13,7%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 495,2 mln. manat (azalma 43,4%) investisiya qoyulub.
Bundan başqa, bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 mlrd. 3,3 mln. manat (azalma 63,3%), rabitə və informasiya sahəsinə 97,6 mln. manat (azalma 35,5%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 943,4 mln. manat (artım 9,7%), təhsil sahəsinə 445,3 mln. manat (azalma 32,3%) investisiya qoyulub.
2014-cü ilin yanvar-oktyabr aylarında yaşayış evlərinin tikintisi sahəsinə 851,8 mln. manat (azalma 7,6%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov