Azərbaycan 2015-ci ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsinin (Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutur) reallaşdırılmasına 2 mlrd. 269 mln. manat məbləğində vəsait yönəltməyi planlaşdırır, bu isə gələn il üçün ümumi büdcə xərclərinin 8,8%-ni təşkil edəcək. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin təqdim edərkən bildirib.
“Bu məqsədlər üçün dövlət büdcəsindən 928 mln. manat, Dövlət Neft Fondunun (ARDNF) büdcəsindən 1 mlrd. 341 mln. manat yönəldiləcək”, - deyə S.Şərifov qeyd edib.
Xəbər verildiyi kimi, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrinin reallaşdırılmasına yönəldilməsi planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “Axpo” - 5%.
A.Axundov