Azərbaycanda bankların ipoteka kreditləşməsi üzrə portfeli 1 mlrd. manatı ötür. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“İpoteka kreditləşməsi üzrə bankların ümumi portfeli 1 mlrd. manatı ötür. Bunun 600 mln. manatdan çoxu Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 400 mln. manatı bankların öz vəsaitləri hesabına verilib”, - deyə E.Rüstəmov çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, indiyədək AİF-in xətti ilə 15,4 min ailə ipoteka krediti alıb.
“Əgər biz dünya təcrübəsinə nəzər salsaq, o zaman görərik ki, əhalinin ipoteka kreditləri ilə tam təminatı dövlətin vəzifələrinə daxildir. Dövlətin rolu əhalinin yüksək faizlərlə kredit götürmək imkanı olmayan hissəsinə yardım etməkdir. Əhalinin fəal hissəsinin kreditləşdirilməsi isə banklar və maliyyə bazarlarının işidir”, - deyə E.Rüstəmov əlavə edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.
A.Axundov