1995-2014-cü illər ərzində Azərbaycanın maliyyə-bank sektoru 24 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib.
“1995-ci ildən etibarən Azərbaycanın maliyyə sektoru təxminən 24 dəfə artaraq 23,5 mlrd. manata çatıb (bank sisteminin aktivləri - İF-Az)”, - deyə E.Rüstəmov çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, iqtisadi subyektlər tərəfindən maliyyə xidmətlərinə çıxış genişlənir. “Lakin etiraf etmək lazımdır ki, bu bazar hələ də tələb bazarıdır”, - deyə E.Rüstəmov qeyd edib.
AMB-nin sədri vurğulayıb ki, 1995-2014-cü illər ərzində Azərbaycanda adambaşına verilən kreditlərin həcmi $27-dən $2,35 minə qədər, adambaşına əmanətlərin həcmi $2-dən $930-a qədər artıb.
A.Axundov