SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin sonuna kimi “Neft Daşları”nda 602A saylı stasionar dəniz özülünün inşasını başa çatdırmağı planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“Azneft” İstehsalat Birliyinin (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu - İF-Az) sifarişi ilə 602A saylı stasionar dəniz özülünün layihəsini “Neftqazelmitədqiqatlayihə” İnstitutu hazırlayıb. Yeni dəniz özülünün inşası “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib”, - deyə məlumatda bildirilir.
8 ədəd dayaq blokundan ibarət olan özül 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulub və dənizin 18 metr dərinliyində yerləşdiriləcək. Obyektə 8 ədəd aralıq seksiya, yaşayış bloku, vertolyot meydançası, 2 ədəd qaldırıcı kran, 11 ədəd minik-yanalma meydançası, 2 ədəd piyada körpüsü və digər zəruri avadanlıqlar daxil olacaq.
“İndiyədək dayaq blokları və aralıq seksiyalar, 4 ədəd minik meydançası, 4 ədəd yanalma meydançası və 30 ədəd konsol quraşdırılıb, 48 ədəd svay vurulub, 39 ədəd svay sement məhlulu ilə doldurulub”, - deyə məlumatda qeyd edilir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova