2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 183 mln. 52,3 min ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin 10 ayı ərzində qeyri-neft yükdaşımalarının həcmi 3,1% - 130,4 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 76,5%, dövlət sektorunun payına 23,5% düşüb. 10 ay ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi 3,8% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 17 mln. 877,7 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 6,8% azdır.
Yanvar-oktyabr aylarında respublikanın dəniz nəqliyyatı ilə 8 mln. 51,2 min ton (azalma 17,7%) müxtəlif yük daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 56,2%-ni neft və neft məhsulları, 43,8%-ni isə quru yüklər təşkil edib.
Hesabat dövründə hava nəqliyyatı ilə 99,3 min ton yük daşınıb, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 105 mln. 741,8 min ton (artım 2,7%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri ilə 38 mln. 581,3 min ton neft (artım 6,8%) nəql edilib. Bu zaman 29,1 mln. ton və ya nəqlin bütün həcminin 75,4%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. DSK-nın məlumatına görə, yanvar-oktyabr aylarında BTC neft kəməri ilə 4,4 min ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova