Qondarma Dağlıq Qarabağ Respublikasında əsir götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində keçirilmiş məhkəmə prosesi qanunsuzdur. Belə bəyanatla ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli çıxış edib.
“Azərbaycanın ərazi bütövlüyü BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu baxımdan bu məhkəmə prosesinin qanunsuz olduğunu söyləmək olar. Belə tanınmamış məhkəmələr Abxaziyada da ola bilər. Təbii ki, biz onları tanımırıq”, - deyə G.Sereteli çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, azərbaycanlı girovların azad edilməsi problemi ATƏT PA-da hələ ki, müzakirə olunmayıb, lakin belə məsələlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.
G.Sereteli bildirib ki, ATƏT PA Ermənistanın bu günlərdə işğal altında olan Azərbaycan ərazisində hərbi təlimlər keçirməsini qınayır.
F.Hüseynzadə