Çərşənbə günü Masallıda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların və bir sıra nazirliklərin nümayəndələrinin görüşü zamanı aqraq sənaye kompleksinin inkişafı məsələləri müzakirə edilib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
Müzakirələr "Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusuna həsr edilib.
Müzakirələrdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində, həmçinin Lənkəran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi keçirilib. Sərgidə 30-dan çox sahibkarlıq subyektinin ixracyönümlü və rəqabətqabiliyyətli 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib.
N.Abbasova