Qəbələ və Oğuz rayon Məşğulluq mərkəzlərində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Oğuzda keçirilmiş tədbirdə 30, Qəbələdə keçirilmiş tədbirdə isə 70-ə yaxın böyük şirkət və müəssisənin, eləcə də həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə əsas diqqət ərazi məşğulluq proqramının icrası, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən məşğulluq tədbirləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyən olunması və onların işlə təmin edilməsinə və digər məşğulluq tədbirlərinə yönəlib. Bu tədbirlərin sosial tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməsinin vacib olduğu qeyd edilib. Bütün bunlar nəzərə alınaraq, Məşğulluq Mərkəzi ilə sosial tərəfdaşlar arasında sıx əlaqə yaratmaq, əmək bazarının təhlilində işəgötürənlərin tam, dolğun və məsuliyyətli iştirakını təmin etmək qərara alınıb.
Oğuzda hər il təşkil olunan əmək yarmarkasında 70-80 nəfər işlə təmin olunur. Təklif olunan iş yerləri əsasən özəl tikinti şirkətləri, xidmət sahələrini əhatə edir.
Bu ilin oktyabr ayında Qəbələdə təşkil olunmuş əmək yarmarkasında rayonda fəaliyyət göstərən 45 idarə və müəssisə 334 vakant yer təklif edib. Yarmarkada 481 nəfərə yaxın işaxtaran iştirak edib. Bu iş yerlərinə görə 109-820 manat məbləğində əmək haqqı təklif edilib. İş üçün müraciət edənlərin 99 nəfəri öz istəyinə və ixtisasına uyğun olaraq göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında və tikinti sahəsində işlə təmin olunub.
İ.Əhmədov