ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı layihə əlaqələndiricisi ofisi cümə axşamı insan alveri ilə mübarizə sahəsində bəyannamə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyiin müxbiri tədbirdən məlumat verib.
Sənəd Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq və bu mübarizəni dəstəkləmək məqsədilə imzalanıb.
Bəyannaməni ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski imzalayıblar.
“Bu bəyannamə ABŞ-ın USAİD vasitəsilə Azərbaycandakı tərəfdaşlarının insan alveri ilə mübarizə səylərinə yardım göstərməkdə qərarlı olduğunu ortaya qoyur”, - deyə D.Hoqan bildirib.
O qeyd edib ki, ABŞ Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə bu istiqamətdə işi
davam etdirəcək.
Öz növbəsində A.Şahtaxtinski qeyd edib ki, bu layihə Azərbaycan hökuməti tərəfindən cari ilin iyun ayında təsdiq olunub.
“Bu qlobal problemlə birgə mübarizə apardığımız zaman uğura nail ola bilərik”, - deyə A.Şahtaxtinski vurğulayıb.
F.İsazadə