Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinin səviyyəsini yüksək qiymətləndirir.
“Deyə bilərəm ki, Bakıya səfər edərkən bir daha əmin oldum ki, ölkənizdə I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun artması nöqteyi-nəzərindən çox mühüm olacaq və dövlətiniz tərəfindən dünya idmanının inkişafına töhfə verəcək”, - deyə BOK prezidenti cümə axşamı ona Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru adı verilməsi mərasimindən sonra jurnalistlərə bildirib.
“Bakı-2015” Avropa Oyunlarında erməni idmançıların iştirak edib-etməyəcəyi ilə bağlı sualı şərh edən T.Bax vurğulayıb ki, idman sülhün bərqərar olması üçün vasitədir.
“Düşünürəm ki, Bakıda keçiriləcək Avropa Oyunlarında bütün Avropa ölkələri iştirak edəcəklər və bunun üçün heç bir əngəl olmayacaq. Əminəm ki, məhz idman bütün xalqlar və ölkələr arasında birləşdirici körpü rolu oynayan vasitədir. İdman vasitəsilə bütün insanlar bir yerə toplaşaraq sülhü bərqərar edirlər”, - deyə BOK prezidenti qeyd edib.
Cümə axşamı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev tərəfindən T.Baxa akademiyanın fəxri doktoru adı və mantiya təqdim edilib.
“Bu cür yüksək mükafata layiq görüldüyümdən şərəf duyuram. Mən bu akademiyaya daxil olarkən özümü evimdəki kimi hiss etdim”, - deyə BOK prezidenti mərasimdə çıxışı zamanı vurğulayıb.
O qeyd edib ki, idman gənclərin hərtərəfli inkişafına böyük töhfə verir.
“İdman vasitəsilə bir çox dəyərləri, həmçinin təhsil və gənclərin tərbiyəsini qorumaq mümkündür. Təhsil almaqla yanaşı, idmanla məşğul olan tələbələr təhsillərində böyük uğurlar əldə edirlər və cəmiyyətə fayda gətirirlər. Akademiya idmançılar və mütəxəssislər yetişdirərək cəmiyyətin inkişafına töhfə verir”, - deyə T.Bax vurğulayıb.
O qeyd edib ki, indiki tələbələr ali məktəbin məzunlarının Olimpiya, dünya və Avropa çempionu olmaları ilə fəxr edə bilərlər.
R.Babayev