Sınaq imtahanlarından keçmiş müəllimlərin əmək haqqının mərhələli şəkildə artırılması haqqında qərar layihəsi hazırdır və yaxın vaxtlarda hökumətdə bu layihənin razılaşdırılması başa çatacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov parlamentdə Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı bildirib.
“Attestasiya yalnız təkmilləşdirmə kurslarından sonra aparılacaq. Biz burada sosial yanaşmaya üstünlük veririk. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanla qonşu ölkələrdə dərhal attestasiya aparılır. Lakin biz dövlətin sosial siyasətini nəzərə alaraq, müəllimləri attestasiyaya dəvət edənə qədər öz tərəfimizdən hər bir şərait yaratmalıyıq ki, müəllimlərin təkmilləşməsi onların zəif nöqtələri nəzərə alınmaqla aparılsın”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, qərar sınaq imtahanından keçmiş müəllimlərin təkmilləşdirmə kurslarına cəlb olunmasını, daha sonra isə attestasiyadan keçirilməsini nəzərdə tutur. Nəticədə onlara differensiyalaşdırılmış əmək haqqı tətbiq ediləcək.
M.Cabbarov qeyd edib ki, bu model əvvəlcə Bakıda tətbiq ediləcək, daha sonra regionları əhatə edəcək.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin rayon və kənd ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsinə yönəlmiş 15 avqust 2014-cü il tarixli qərarı öz nəticələrini verir.
“Rayon və kənd məktəblərində vakant ştat 3%-dən 0,7%-ə qədər azalıb”,- deyə nazir əlavə edib.
A.Axundov