Prezident İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
BOK prezidenti ilə görüşdə bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlət başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olunub.
Sonra T.Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını İ.Əliyevə təqdim edib. Azərbaycan prezidenti bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.
Prezident İ.Əliyevin adından BOK və AOK rəhbərlərinin şərəfinə ziyafət verilib.
R.Babayev