Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən İ.Əliyev qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu deyib. Bildirib ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğulayıb.
“Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq” - deyən prezident qeyd edib ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.
“Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan dövlət başçısı bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.
Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Y.Əliyev