Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Bakıda keçirilən üçüncü illik iclasının yekunlarına dair qəbul edilən Bakı deklarasiyasında korrupsiya ilə mübarizə üzrə potensialın genişlənməsi istiqamətində birgə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Tədbir iştirakçıları milli və beynəlxalq səviyyələrdə müvafiq təcrübələrə yiyələnməklə antikorrupsiya mühitinin yaradılması təşəbbüsünü dəstəkləyiblər.
Deklarasiyada texniki innovasiyalardan, müvafiq, effektiv təhsil-tədris ictimai xidmətlərdən istifadənin, ictimai sektorda elmi tədqiqatların aparılması üzrə antikorrupsiya mühitinin formalaşması, korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınmasının əhəmiyyəti vurğulanır.
Həmçinin sənəddə IACA-nın fəaliyyətinin uzunmüddətli səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə mənbələrinin gücləndirilməsi, o cümlədən dövlətlər, beynəlxalq ictimai təşkilatlar və digər maraqlı tərəflərin Akademiyaya maliyyə dəstəyinin göstərilməsinin zəruriliyi qeyd edilir.
Deklarasiyada IACA-nın üçüncü sessiyasının təşkili səviyyəsi, həmçinin Azərbaycan tərəfinin korrupsiya ilə mübarizə sahəsində son təşəbbüsləri yüksək qiymətləndirilib.
Tədbirdə IACA Assambleyasinin sədri, Azərbaycanın baş prokuroru Zakir Qaralov yekun nitqi ilə çıxış edib. O qeyd edib ki, sessiyada müzakirə olunan məsələlər korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşməsinə zəmin yaradacaq.
R.Babayev