Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin Sosial siyasət komitələrinin “TÜRKPA-ya üzv ölkələrin miqrasiya problemləri və imkanları” mövzusunda 2-ci birgə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentariləri miqrasiya məsələlərini müzakirə edirlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, miqrasiya problemi müasir dünyada ən aktual və narahat edən məsələlərdən biridir.
“Azərbaycan və digər türkdilli dövlətlərin uğurlu inkişafı ölkələrimizi əcnəbi miqrantlar üçün maraqlı edir. Nəticədə biz miqrasiya proseslərinin tənzimlənməsi məqsədilə qanunvericilik bazasının möhkəmlənməsinə böyük diqqət ayırmalıyıq”, - deyə o vurğulayıb.
H.Rəcəbli bu istiqamətdə TÜRKPA ölkələri arasında birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib.
“Azərbaycanda miqrantların hüquqlarının təmin edilməsinə böyük diqqət ayrılır”, - deyə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev tədbirdə bəyan edib.
O qeyd edib ki, son illər ölkədə miqrasiya məsələlərini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilib.
“Müvafiq məsələlərin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə müntəzəm olaraq dəyişikliklər edilir, bu isə xüsusilə əmək miqrantlarının qeydiyyatı prosedurunun sadələşdirilməsinə səbəb olur”, - deyə P.Musayev bildirib.
O, həmçinin Azərbaycanın beynəlxalq birliyin də dəstəyi ilə aradan qaldırmağa cəhd etdiyi problemlərin mövcud olduğunu qeyd edib.
“Uzun illərdir Azərbaycan Ermənistanın təcavüzkar işğalçı siyasəti nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün olması ilə bağlı ağır problemlə üzləşir. 250 mindən artıq azərbaycanlı etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan qovulub. Sonra 50 mindən artıq məshəti türkü ölkəmizdə sığınacaq tapdı. Ermənistan tərəfinin başladığı müharibə nəticəsində isə daha 750 mindən artıq azərbaycanlı öz yurdundan didərgin düşüb”, - deyə P.Musayev qeyd edib.
R.Babayev