“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atdığını elan edib. Bu barədə BEGOC-un mətbuat xidməti məlumat verib.
Hazırda qüvvədə olan sazişlərə əsasən, Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.
Sözügedən sazişlər “Bakı-2015” Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son müqavilələrdir.
“Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib.
Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının “Bakı-2015” Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çoxşaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək.
“Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ə çatmasını gözləyirəm”,- deyə o bildirib.
“Bu sazişlərin bağlanması Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşğun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq. Biz tezliklə Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox yayım sazişlərinin imzalanacağına əminik”, - deyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib.
Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə ediblər.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev