Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin qəti şəkildə nizamlanmasını qeyri-mümkün hesab edir.
“Rusiya da ciddi şəkildə ehtiyat edir ki, hər yerdə, xüsusilə də postsovet məkanında (Yaxın Şərq də uzaqda deyil) artan qeyri-sabitlik fonunda bütün həll olunmamış, nizamlanmamış münaqişələr yenidən başlaya, özünü xatırlada bilər”, - deyə o, Bakıda mətbuat konfransında bildirib. Qeyd edək ki, F.Lukyanov Bakıya “Postsovet məkanı: müasir böhran və münaqişələrin mədəni aspektləri” mövzusunda dəyirmi masada iştirak etmək üçün gəlib.
Ekspert Dağlıq Qarabağ münaqişəsi ilə bağlı riskin olduğunu bildirib. “Dünyada baş verən müxtəlif hadisələrlə ortaya çıxmış qeyri-sabitlik impulsu, əlbəttə ki, orada da vəziyyətin sabitliyini poza bilər”.
“Çünki münaqişənin dondurulma və ya status-kvonun saxlanması səviyyəsində deyil, həqiqətən həll edilməsi səviyyəsində hansısa nizamlanma modelini görmürəm, nəzərə alsaq ki, münaqişəyə cəlb edilmiş tərəflər ümumilikdə barışmaz mövqe tutub, xarici oyunçular isə, istər Rusiya, istər ABŞ və bunda maraqlı olan digər Qərb və qeyri-qərb dövlətlərinin bu gün müdaxilə edərək nəyisə dəyişmək riski yoxdur. Onlar üçün qeyri-müəyyən olsa belə, status-kvonun saxlanacağı halda yarana biləcək risklər daha yüksəkdir.
Onun sözlərinə görə, bu, xaricdən düşünülməmiş təsirlərin Ermənistan-Azərbaycan münaqişəsini nisbi tarazlıq vəziyyətindən çıxara bilməsi, nəticədə bütün xarici qüvvələr tərəfindən xərclərin çox böyük olması əndişəsi ilə bağlıdır.
“Bu, həm Rusiyaya, həm Türkiyəyə, həm də ABŞ-a aiddir, onların bu dəqiqə Yaxın Şərqlə bağlı qayğıları başdan aşır, Ukrayna məsələsi ilə bağlı nə edəcəklərini bilmirlər. Hesab edirəm ki, indi hamı marağı real olaraq xarici oyunçulara və vəziyyətin əsaslı şəkildə dəyişməməsinə, güclənməkdə olan ehtirasların sakitləşməsinə yönəlib”, - deyə ekspert vurğulayıb.
F.Lukyanov bu məsələ ilə ciddi məşğul olmaq və onu siyasi yolla nizamlamaq üçün tərəflərdən hər hansı birinin resursunun olmadığını qeyd edib.
“Üstəlik məntiqlə bu məsələ ilə məşğul ola biləcək ölkələr - Türkiyə, Rusiya, ABŞ, Avropa İttifaqının öz nöqteyi nəzərindən daha vacib və çoxlu sayda həll ediləcək problemləri var. Deqradasiyaya yol verməmək üçün səylər və resurslar var, lakin bundan daha artığına ümid etmək olmaz. Buna görə də mən hesab edirəm ki, ehtirasları yatırmaq üçün biz müəyyən diplomatik fəallaşma gözləyə bilərik, lakin irəliləyiş üçün əsas yoxdur”, - deyə ekspert qeyd edib.
R.Babayev