Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Şəki Regional Elmi Mərkəzində (ŞREM) gələcək inkişaf proqramlarının, prioritet istiqamətlərin və elmi mərkəzin yeni strukturunun müzakirə edilməsi məqsədi ilə Şəki şəhərində olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Şəkidə olub.
Qonaqlar Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşdükdən sonra Şəki Regional Elmi Mərkəzinə gəlib, müəssisənin struktur bölmələri ilə tanış olub və kollektivlə görüş keçiriblər.
Görüşü giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov AMEA-da aparılan son islahatlar haqqında qısa məlumat verib. Daha sonra AMEA-nın vitse-prezidenti İ.Quliyev çıxış edib. Akademik fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusif Şükürlünü ŞREM-ə direktor təyin edilməsi münasibəti ilə təbrik etdikdən sonra mərkəzin gələcək inkişaf planları və qarşıda duran vəzifələr haqqında söhbət açıb.
ŞREM-in direktoru Y.Şükürlü yeni vəzifəyə təyin olunduqdan sonra mərkəzdə görülən işlər və həyata keçirilən kadr dəyişiklikləri barədə qısa məlumat verib.
AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli ŞREM-in əməkdaşlarından pedaqoji elmlər doktoru Firədun İbrahimov və filologiya elmləri üzrə fəlsəfə doktoru Ulduz Mürşüdova da öz çıxışlarında gələcəkdə ŞREM-in fəaliyyətinin genişləndirilməsindən və bu iş üçün müvafiq strukturların mərkəzə yardım edəcəklərindən danışıblar.
A.Zeydullayeva