Azərbaycan və Rusiya botanikləri əməkdaşlıq qururlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Rusiya Elmlər Akademiyasının L.V.Komarov adına Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini Dmitri Geltman AMEA Botanika İnstitutunda olub.
Məqsəd AMEA Botanika İnstitutunun Herbari Fondunun yenilənmiş infrastrukturu ilə tanış olmaq idi.
Toplanmış herbari nümunələri müzakirə edilərkən Azərbaycan üçün yeni taksonlar müəyyənləşdirilib.
Qonaq Abşeron florasını öyrənmək məqsədilə Ali bitkilərin sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru V.Kərimovla birlikdə həmin ərazidə çöl tədqiqatlarında iştirak edib.
Herbari Fondunda təşkil olunmuş seminar zamanı botaniki nomenklaturaya aid geniş müzakirələr aparılıb, həmçinin əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.
A.Zeydullayeva