İran təcavüzü, eləcə də onun istənilən formasını pisləyir və Azərbaycan ərazilərinin tezliklə azad edilməsini istəyir. Bu sözləri İranın Qərbi Azərbaycan vilayətinin qubernatoru Qurbanəli Səadət söyləyib.
“Biz təcavüzün istənilən formasını və insanların öz torpaqlarından qovulmasını psiləyirik. Qarabağın azad edilməsi və onun Azərbaycanın yurisdiksiyasına verilməsi bizim arzumuzdur. Biz insanların öz evlərinə qayıtmalarını istəyirik”, - deyə Q.Səadət İranın Urmiya şəhərində azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin “Qarabağ münaqişəsinin həll olunmaması İrana necə təsir edir?” sualına cavab verən qubernator deyib: “Ermənistanla Azərbaycan arasında mövcud olan gərginlik İranı da narahat edir. Heç bir qonşu razı olmaz ki, onun iki qonşusu bir-biri ilə müharibə aparsın”.
“Biz Naxçıvanın Şərur rayonunda olduq, orada məscid tikmək istəyirdik. Biz tikinti işlərinə başlamaq istəyən kimi ermənilər bizi top atəşinə tutdular. Atəş nəticəsində bizimkilərdən biri yaralandı. Mən özüm də orada idim”,- deyə o əlavə edib.
Qubernatorun sözlərinə görə, İran Səddam Hüseynin zülmündən qaçmış kürdlərin ağır vəziyyətinin şahidi olub. “Biz qaçqınların necə çətin həyat yaşadığını görürük. Biz onların vəziyyətini anlayırıq, çünki Səddamın zülmündən qaçmış 580 min kürdün çətinliklərinin şahidi olmuşuq”,- deyə o qeyd edib.
Onun fikrincə, Bakı və İrəvan problemi həll etməlidir, Tehran isə bu məsələdə qonşularına kömək göstərməlidir.
“Ermənistan və Azərbaycan bu məsələni həll etməlidir. Lakin təəssüf ki, bu prosses yubanır. Bizim dövlət (İran - İF-Az) bu istiqamətdə səylərini əsirgəməməli və müəyyən addımlar atmalıdır. Biz odun üstünə yağ tökməli deyilik, əksinə onu söndürməyə çalışmalıyıq. Bizim mövqeyimiz belədir: Biz qonşuyuq və birlikdə yaşamalıyıq”,- deyə Q.Səadət vurğulayıb.
Qubernatorun fikrincə, Azərbaycanın bugünkü dianmik inkişafının əsası sabiq prezident Heydər Əliyev tərəfindən qoyulub.
“Yaxşı insanlar həmişə özlərindən sonra yaxşı əsərlər yadigar qoyurlar. Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Onun çox gözəl dövlət idarəetmə qabiliyyəti var idi. H.Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf edir və dünya birliyinə inteqrasiya edir”,- deyə o qeyd edib.
F.İsazadə