Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda xeyriyyə yarmarkası təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
Tədbirdə ölkədə akkreditə olunmuş diplomatik missiyaların, QHT-lərin, həmçinin xarici və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Bu yarmarka Hanoyda keçirilən ən kütləvi tədbirdir.
Yarmarka xeyriyyə missiyası ilə yanaşı, ölkəmizin mədəni irsini və tarixi faktları, milli mətbəxini və turizm potensialını nümayiş etdirir.
Hanoyda “Bakı-2015” Avropa Oyunlarının təqdimatı məqsədi ilə Azərbaycan stendinin hazırlanması zamanı oyunların loqotipindən istifadə olunub.
Tədbirdə, həmçinin Vyetnam dilində dərc edilmiş Azərbaycan milli mətbəxinə dair kitabın təqdimatı olub, tədbir iştirakçılarına Azərbaycan yeməkləri və şirniyyatı təqdim edilib. Bundan başqa, yarmarkada bukletlər, kitablar, fotoşəkillər, suvenirlər, xalçalar və videoçarxlar nümayiş etdirilib.
Azərbaycan stendi 2013-cü ildə olduğu kimi, bu il də ən çox ziyarət olunan stendlərdən biri kimi iştirakçıların böyük marağı ilə qarşılanıb.
A.Zeydullayeva